Dendrologiya Bağının əməkdaşları Lənkəran Dövlət Universitetində keçirilən konfransda iştirak ediblər
“Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin əməkdaşları 22 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində (LDU) “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda Beynəlxalq Elmi konfransda iştirak ediblər. Qeyd edək ki, ölkənin 20-yə yaxın ali təhsil müəssisəsindən və elmi təşkilatlardan olan tədqiqatçılar LDU-dakı Beynəlxalq elmi konfransa onlayn və oflayn formatda qatılıblar. “Ekoloji dayanıqlıq və alternativ inkişaf”, “Biomüxtəlifliyin qorunması və dayanaqlı inkişaf” bölmələrində 100-dən artıq tezis dinlənilib. Beynəlxalq Elmi konfransda bütövlükdə ABŞ, Rusiya, Böyük Britaniya, İtaliya, Türkiyə, Qazaxıstan və s. 10-dan çox ölkədən tədqiqatçılar iştirak edib.
“Dendrologiya Bağı” PHŞ-in əməkdaşları - “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının aparıcı mütəxəssis-laborantı Şənay Albalıyeva “Abşeron biomüxtəlifliyinin qorunmasında Pinus eldarica Medw. rolu və kimyəvi təhlili”, “Dendroxronologiya” laboratoriyasının böyük mütəxəssis-laborantı Hökümə Mehrəliyeva “Yaşıllaşdırmada perspektivliyi yüksək olan Pinus eldarica Medw. növünün dendroxronoloji təhlili”, “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının müdiri Leyla Atayeva “Bioloji müxtəlifliyin qorunmasında “Bağ məlhəmi” preparatının istifadəsinin perspektivliyi” və həmin laboratoriyanın böyük mütəxəssis-laborantı Səriyyə Əhmədova “Abşeron yarımadasının texnogen çirklənmiş torpaqları və çirklənməyə qarşı fitoremediasiya metodunun tətbiqi” adlı tezisləri ilə çıxış etmişlər.
Universitetin rektoru, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov əməkdaşların bu dəvəti qəbul edərək kofransda iştirakını yüksək qiymətləndirmiş, gələcək işlərdə onlara müvəffəqiyyət arzu etmişdir. Mütəxəssislərin tədqiqat işlərinin nəticələrinə əsasən tezis və məqalələri konfrans materiallarında dərc olunacaqdır.