Xocəsən gölünün yaxınlığında yeni Nəbatat Parkı salınacaq
Xocəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur.
Bakının 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Xocəsən gölünün bərpa layihəsi Xocəsən-Lökbatan hibrid yaşıl dəhlizinin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsində aparılan neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi və kanalizasiya sisteminin yenidən qurulması daxildir. Ərazinin nəqliyyat əlaqəsi mövcud dəmir yolu üzərində yerləşən sərnişin dəmir yolu stansiyası vasitəsilə təmin ediləcək.
Bildirilib ki, Qu gölü ərazisi köçəri quş populyasiyalarının məskəni siyahısına daxildir. Bu təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik ornitoloji mərkəz yaradıla bilər. Bu baxımdan, ərazidə tətbiq olunan tipoloji mühafizə parametrləri və sanitar-mühafizə zonası əraziyə xas xüsusiyyətlərin nəzərə alınması ilə yenidən nəzərdən keçirilməlidir: ekoloji funksiyaların yerinə yetirilməsinin təmin edilməsi, o cümlədən təbii sahilyanı ərazilər və su-bataqlıq sahələri yaratmaqla biomüxtəlifliyin çoxaldılması və suyun keyfiyyətinin artırılması; müxtəlif, yüksək standartlara cavab verən və maraqlı sahil ərazilərinin yaradılması. Buna yaşıllıqlardan və kiçik memarlıq formalarından ibarət kompozisiyalarla təchiz edilən sahilyanı ərazilərin yaradılması, ərazinin özünəməxsusluğunu ortaya qoyan nadir layihələndirmə həlllərinin nəzərdə tutulması və müxtəlif passiv və aktiv istirahət məkanlarının yaradılması ilə nail olmaq mümkündür. Böyük şəhər parkı tipinə aid edilən Xocəsən gölü ətrafındakı parkda mövsümi və ya müvəqqəti tədbirlər, avarçəkmə klubu kimi daimi fəaliyyətlər üçün imkanlar yaradıla bilər. (Azərtac)