"Dendrologiya Bağı"nın əməkdaşları Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbiri keçirib
Dekabrın 30-da "Dendrologiya Bağı" publik hüquqi şəxsin (PHŞ) təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən “Dendrologiya Bağı" PHŞ İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova deyib: “Bu gün Azərbaycan xalqının ən əziz bayramlarından biri - birlik və bərabərlik bayramı olan Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür, eyni zamanda yeni 2024-cü ili qarşılayırıq. Yola saldığımız 2023-cü il son 35 ildə acılı-şirinli günlərə şahidlik etmiş Azərbaycan xalqının həyatında mühüm hadisələrlə yadda qaldı. Azərbaycan dövlətinin bütün ərazisinin suveren hüquqları bərpa edildi. Oktyabrın 16-da müzəffər Ali Baş Komandan, prezident cənab İlham Əliyev Xankəndi, Ağdərə, Əsgəran, Xocalı şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2023-cü ildə Azərbaycan Qarabağ münaqişəsinin həllinə nail oldu. Bu qüruru bizə yaşadanlara minnətdarlıq borcumuz var. Başda Ali Baş komandan cənab prezident İlham Əliyev olmaqla ordumuzun qəhrəman əsgər və zabitlərinə təşəkkür edirik. Əziz şəhidlərimizə Alllahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik”.
Samirə Bağırova bildirib ki, yola saldığımız 2023-cü il həm ölkəmiz, həm də "Dendrologiya Bağı" publik hüquqi şəxs üçün uğurlu il kimi yadda qaldı: “"Dendrologiya Bağı" PHŞ olaraq uğurlu layihələrə, əməkdaşlıq müqavilələrinə imza atdıq, memorandumlar imzaladıq.
2024-cü il Azərbaycan Respublikasında “Yaşıl Dünya naminə həmrəylik ili” elan olunub. "Dendrologiya Bağı" publik hüquqi şəxs olaraq ətraf mühitin qorunması, bitki aləminin mühafizəsi, nadir bitkilərin toplanması istiqamətində səmərəli fəaliyyətimizi 2024-cü ildə də davam etdirəcəyik.
Əziz həmkarlar, Yeni iliniz mübarək! Qoy, yeni il dünyamıza sülh və əmin-amanlıq, ölkəmizə bolluq və firavanlıq gətirsin!” Tədbir musiqili əyləncə proqramı ilə davam edib. Bayram tədbirində "Dendrologiya Bağı" PHŞ İdarə Heyətinin üzvləri, şöbə və laboratoriyaların əməkdaşları iştirak edib. Sonra "Dendrologiya Bağı" PHŞ-nin uğurlu fəaliyyəti ilə fərqlənən əməkdaşlarına Yeni il hədiyyələri təqdim edilib.