“Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi 20 Yanvar hadisəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
“Dendrologiya Bağı" PHŞ İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova və əməkdaşlar Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də müstəqilik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının sarsılmaz iradəsini, mətinliyini və dönməzliyini nümayiş etdirir.
Xalqımızın qara yanvar adlandırdığı 20 yanvar faciəsi hüzn günüdür. Çünki 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Sovet dövləti rəhbərliyinin qanunsuz qərarı ilə Bakıya yerilmiş ordu hissələri azadlıq uğrunda mübarizəyə qalxmış yüzlərlə soydaşımızı qətlə yetirdi. 131 soydaşımız şəhid oldu, 800-ə yaxın insan yaralandı. Bakıda və Azərbaycanın digər bölgələrində qanlı qırğınlar törədən Sovet ordusunun və bütövlükdə imperiya rəhbərliyinin məqsədi Azərbaycan xalqının əzmini qırmaq, iradəsini şikəst etmək idi. Düşmən Azərbaycan xalqının müstəqillik arzusunu Bakı küçələrində dəfn etmək arzusunda idi. Lakin bunun əksi baş verdi: həmin gecə tarix səhnəsində yeni bir Azərbaycan doğuldu. Həmin gün bütün dünya “Şər imperiyası” qarşısında tək-tənha dayanmış Azərbaycan xalqının sarsılmaz əzmini gördü.
Bu üzdən 20 Yanvar hadisəsi dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsidir. Məhz bundan sonra xalqımız yeganə xilas yolunun müstəqil dövlət quruculuğu olduğunu anladı.
Şəhidlər xiyabanında uyuyan vətən övladlarının çoxu həyatdan nakam getmiş gənclərdir. Həyatda qalsaydılar bu gün ata, baba, ana, nənə olacaqdılar. Övladları onların adını yaşadacaqdı. Ancaq Tanrı onlara daha yüksək məqam-Şəhidlik qismət etdi. Bu gün 50 milyonluq xalqın qəlbində əbədi taxt qurmuş əziz şəhidlərimizin müstəqil Azərbaycan Respublikası adlı əmanəti var. Azərbaycan dövləti, Azərbaycan xalqı soyuq yanvar gecəsində canını vətən uğrunda fəda etmiş övladlarının
xatirəsini daim əziz tutacaq.
Bu gün 20 yanvar və Qarabağ şəhidlərinin ruhu şaddır. Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlətdir.
Azərbaycan xalqı 20 yanvar şəhidlərinin anım gününü Laçınlı, Şuşalı, Xankəndili bütöv ölkədə qeyd edir. Tanrı bu qürurlu günləri bizlərə bəxş etmiş əziz şəhidlərimizin ruhunu şad etsin!