XX əsrin dəhşətli faciəsi: Xocalı soyqırımından 32 il ötür

İnsanlıq tarixinin ən dəhşətli, qandonduran faciələrindən biri olan Xocalı qətliamının növbəti ildönümüdür. Faciənin baş verməsindən 32 il ötür.

1988-ci ildə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər separatçı hərəkata başlamışdılar. İmperiya rəhbərliyinin ikiüzlü siyasəti və Ermənistanın dəstəyi separatçıları daha da ruhlandırırdı. Dağlıq Qarabağdakı azərbaycanlı kəndlərinin əhalisi silahlı hücumlara məruz qalır, öldürülür, şikəst edilirdi. Xocalıya qədər ermənilər bir neçə kənddə qanlı qırğınlar törətmişdi. Növbəti hədəf olaraq strateji cəhətdən ən əlverişli mövqedə olan Xocalı seçilmişdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Əliyalın dinc əhali gülləbaran edildi, evlərindən qovuldu. Bu hücum nəticəsində yerli əhaliyə qarşı soyqırım törədildi, şəhər yerlə-yeksan olundu. Erməni quldurları müharibə qanunlarını pozaraq mühasirədə olan əhaliyə dinc dəhliz belə vermədi. İnsanların bir qismi yolda güllələndi, donaraq həlak oldu.

Bu qanlı qırğında 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdi. 76 uşaq olmaqla, 487 nəfər ağır yaralanmışdı. Qətlə yetirilmiş şəxslərdən 56 nəfəri xüsusi qəddarlıqlarla öldürülmüş, diri-diri yandırılmış, başının dərisi soyulmuş, digər dəhşətli işgəncələrə məruz qalmışdı. Eyni zamanda həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Xocalı qətliamında "Müharibə qurbanlarının müdafiəsi haqqında" Cenevrə konvensiyalarının, həmçinin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında", "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə", "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Uşaq hüquqları haqqında" konvensiyaların, "Mülki və siyasi hüquqlar haqqında", "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq hüququ kobud şəkildə pozulmuşdu.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan edilib.

Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalından azad olundu. 2023-cü il sentyabrın 19-da həyata keçirilən 23 saatlıq lokal antiterror əməliyyatları ilə Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran üzərində suveren hüquqlarını bərpa etdi. Qarabağ münaqişəsi tarixin arxivinə verildi. 

Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun tarixi zəfəri nəticəsində Xocalı azaddır. Böyük qayıdış layihəsi çərçivəsində Qarabağ yenidən məskunlaşacaq, ermənilərin dağıtdığı şəhər və kəndlərimizdə yenidən həyat qaynayacaq. Lakin XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı heç zaman yaddan çıxmayacaq.

Xocalıda qətl edilmiş bütün soydaşlarımızın əziz xatirəsini sayğı ilə anır, onlara uca Allahdan rəhmət diləyirik. Allah qədim yurd yerlərimizi düşmən çaynağından azad etmiş əziz şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirik. Xocalı qurbanları heç zaman unudulmayacaq. Xocalıya ədalət!

Şərhini yaz