“Dendrologiya Bağı” PHŞ-nin kollektivi Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib

Fevralın 26-da Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Əməkdaşlar Xocalı faciəsi qurbanlarının xatirəsini hörmət və ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

32 il keçsə də Azərbaycan xalqı bu qanlı qırğını, erməni vandalları tərəfindən soydaşlarımıza qarşı həyata keçirilmiş terror aktını, soyqırımı unutmur, Xocalı şəhidlərinin əziz xatirəsini əziz tutur.
Bu gün Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz Qarabağı bütünlüklə işğaldan azad edib. Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd və Xocalı azaddır. 32 il öncə, o soyuq qış günündə Xocalıda həlak olmuş soydaşlarımızın, Xocalı uğrunda şəhid olmuş igidlərimizin ruhu şaddır.

Uca Allahdan Xocalı qurbanlarına, Vətən torpaqları uğrunda şəhid olmuş bütün soydaşlarımıza rəhmət diləyirik.

Şərhini yaz