Bu gün Azərbaycanda Ramazan bayramıdır

Bu gün müsəlman dünyasının müqəddəs Ramazan bayramıdır.

İslami inanca görə, Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

İki gün әrzindә dünyanın hәr tәrәfindә yaşayan müsәlmanlar bir-biri ilә bayramlaşacaq.

Azərbaycan müsəlmanları ilk dəfə olaraq müqəddəs Ramazan bayramını ölkənin bütün suveren ərazisində qeyd edəcək. Bu gün Ağdam, Şuşa, Xankəndi və digər işğaldan azad olunmuş bölgələrimizin məscidlərində bayram namazları qılınacaq.

Sevgi vә qardaşlığın, dostluğun әn yüksәk sәviyyәlәrә çatdığı Ramazan bayramının bütün bәşәriyyәtә sevinc bәxş etmәsini dilәyirik.

Bayramınız mübarək!

 

Şərhini yaz