Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib

Mayın 15, 16 və 17-də Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) keçirilib.

Sərgidə kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertlər, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi iştirak edib. 

Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə şirkətləri yer alıb.

Üç gün davam edən “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana məhsulları, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxil edilib.

“Caspian Agro” ilə yanaşı Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil edilib.

Sərgidə “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin (PHŞ) İdarə Heyətinin üzvləri və qurumun digər əməkdaşları da iştirak edib. 

Şərhini yaz