"Dendrologiya Bağı" PHŞ-nin əməkdaşları elmi-praktik konfransda iştirak ediblər

22 may 2024-cü il tarixində Qərbi Kaspi Universitetində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların "Qlobal çağırışlar və perspektivlər" mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Açılış nitqində universitetin prezidenti, professor Hüseyn Bağırov Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclər siyasətindən danışıb.

Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb.

Konfransın plenar iclası Qərbi Kaspi Universitetinin professoru Adıgözəl Dosiyev, ADPU Quba filialının direktoru, f.e.d., dosent Yusif Alıyev və ARETN Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, b.e.d., dosent Mehrac Abbasovun çıxışları ilə davam edib.

Plenar iclas bitdikdən sonra konfrans bölmələr üzrə davam etdirilib.

Universitetin yüksək texnologiyalar və innovativ mühəndislik korpusunun akt zalında təbiət bölməsi üzrə davam edən konfransda “Dendrologiya Bağı”nın “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi”nin əməkdaşları Xədicə Əliyeva, Selcan Səfərəliyeva "Azərbaycanda pestisidlərin istifadəsi tarixi və hazırda istifadə olunan pestisidlər" və "Təsərrüfat əhəmiyyətli bitkilər laboratoriyası"nın əməkdaşları Aybəniz Hacıyeva və Günay Əlihəsənova isə "Dendrologiya bağına indroduksiya olunmuş dərman bitkilərindən efir yağının alınması və onların fitokimyəvi tədqiqi" tezisi ilə çıxış ediblər.

İştirakçılar sonda sertifikata layiq görülüb.

Şərhini yaz