Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur.

106 il əvvəl bu gün Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 28 may 1918-ci ildə Tiflis şəhərində, Qafqaz canişinliyinin binasında Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Milli Şuranın qəbul etdiyi İstiqlal Bəyannaməsində deyilirdi:

“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir”.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb.

Milli hökumət demokratikləşmə, beynəlxalq əlaqələrin əlaqələrin qurulması, Azərbaycanın müstəqilliyinin rəsmən tanınması istiqamətində önəmli addımlar atılıb.

Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixində təsdiqlədiyi “Müstəqillik Günü haqqında” Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib.

Bu il Müstəqillik Günü ilk dəfə olaraq AXC-nin hüquqi varisi olan Azərbaycan Respublikasının bütün ərazisində qeyd edilir. 2023-cü ilin sentyabrından üçrəngli Azərbaycan bayrağı Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənddə dalğalanır.

Müstəqillik gününüz mübarək!

Şərhini yaz