Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı, görkəmli ictimai-siyasi və dövlət xadimi Eldar Əzizovun doğum günüdür

İşinə məsuliyyətlə yanaşan, əhalinin sosial-iqtisadi problemlərini daim diqqət mərkəzində saxlayan, onun həllinə çalışan nümunəvi məmur, Eldar Əziz oğlu Əzizov 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.

1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində işləyib. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışıb.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.

2000-2003-cü illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, 2015-2018-ci illərdə isə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Eldar müəllim həm sovet dönəmində, həm müstəqillik dövründə işlədiyi bütün vəzifələrdə ölkəmizin inkişafına böyük töhfələr verib. Ulu Öndər Heydər Əliyev ona böyük vəzifələri etibar edib. Ulu Öndər kadrların seçilməsində çox tələbkar idi və onun kadr məsələsində bir sıra ciddi meyarları vardı.

Eldar Əzizov Ulu Öndərin seçiminə layiq idi və əməli fəaliyyəti ilə ona sədaqətini göstəmiş oldu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideya-siyasi kursuna daim sadiq qalmış Eldar Əzizov Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.

Bu gün dünyanı və ölkəmizi düşündürən əsas problemlərdən biri qlobal iqlim dəyişikliyidir. Ölkəmiz bu qlobal iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq təşəbbüslərə dəstək verir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Noyabrda ölkəmizin paytaxtı Bakı şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 bu il Azərbaycanda keçiriləcək. Şübhəsiz ki, mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyük miqyaslı tədbirlərə ev sahibliyi etmək imkanlarına malik olması reallığını nümayiş etdirir. Son illər nüfuzlu beynəlxalq idman yarışlarının və mədəniyyət tədbirlərinin ölkəmizdə keçirilməsi adi hal alıb. Ölkəmizin paytaxtı birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib.

Bütün bu böyük layihələrin reallaşdırılmasına Azərbaycanın, paytaxt Bakının inkişafı, müasir infrastrukturu imkan verib. Bu imkanların yaradılmasında, Bakının son illər dünyanın ən mədəni, inkişaf etmiş şəhərinə çevrilməsində heç şübhəsiz ki, zəngin idarəetmə tərcübəsinə malik olan Eldar müəllimin xidmətləri danılmazdır.

Son illər cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda aparılan islahatlar paytaxtımızın simasını dəyişdirib. Paytaxtda sosial məsələlərin böyük əksəriyyəti həll olunub. Şəhərdə və qəsəbələrarası keyfiyyətli yollar çəkilib, nəqliyyat infrastrukturu yaradılıb. Şəhərdə nümunəvi məhəllələr salınıb, Bakı və ətraf qəsəbələrin ərazisində böyük yaşıllıq zonaları yaradılıb, ağaclar əkilib. Bütün görülən bu işlərdə heç şübhəsiz ki, təcrübəli ictimai-siyasi və dövlət xadimi olaraq Eldar Əzizovun böyük rolu var.

Eldar müəllim bacarıqlı məmur, qayğıkeş insan olmaqla bərabər həm də istedadlı qələm sahibidir. O, Azərbaycanın şanlı-şərəfli tarixinə, tarixi şəxsiyyətlərinə həsr olunmuş kitabın və məqalələrin müəllifidir. Onun qələmə aldığı “Difai” kitabı və 200-dən artıq məqaləsi Azərbaycan oxucusunun böyük rəğbətini qazanıb.

Prezident İlham Əliyevin Azərbaycana tarixi qələbələr gətirmiş, böyük nailiyyətlər qazanmış siyasi komandasının layiqli üzvü olan Eldar Əzizovu doğum günü münasibəti ilə  təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

“Dendrologiya bağı” publik hüquqi şəxsin

İdarə Heyətinin sədr müavini, b.ü.f.d, dosent

Samirə Bağırova

 

 

 

 

Şərhini yaz