Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. 2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Mehriban Əliyeva Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işini müdafiə edərək və fəlsəfə doktoru üzrə elmlər namizədi-alimlik dərəcəsi alıb. 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib. 

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib. 

2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib. 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib. 

2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7% (38 029 səs) səs toplayaraq deputat seçilib. 2016-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. 2017-ci il fevralın 21-də

Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. 2019-cu il yanvarın 18-də Mehriban Əliyeva dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib. 

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin kollektivi Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinin bütün sahələrində uğurlar arzulayır!

Şərhini yaz