“Bağ məlhəmi” preparatının hazırlanması

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafına aid görülən işlərin əsas istiqamətlərindən biri də bitkiçiliyin, meyvəçiliyin inkişafıdır. Hal-hazırda bütün regionlarda köhnə meyvə bağlarının rekonstruksiyası ilə yanaşı, yeni intensiv bağçılıq təsərrüfatlarının da yaradılması istiqamətində çox böyük işlər görülür. Bağlara qulluq zamanı payız və yaz aylarında geniş profilaktik budama işləri aparılır ki, bu da öz növbəsində ağacların kəsik yerlərinin müxtəlif zərərvericilər, göbələklər, bakteriyalar, virus mənşəli xəstəliklərlə sirayətlənməməsi üçün xüsusi qoruyucu vasitələrlə işlənməsinə böyük ehtiyac yaradır. Son illərdə müşahidə edilən qlobal istiləşmə nəticəsində artan təbii kataklizmlər (güclü küləklər, qasırğalar) bu problemi daha da aktuallaşdırmaqdadır. Bu məqsədlə xarici, xüsusən də MDB ölkələrindən müxtəlif tərkibə malik vasitələr gətirilsə də, onların çoxu müasir tələblərə cavab vermir; iqlim şəraitinə uyğun gəlmir - qışda yaxşı təsir göstərsə də, yayda istiyə qarşı davamsız olur, əriyib gedir; bir qismi ağacları qurudur; bəziləri isə ümumiyyətlə heç bir müsbət təsir göstərmir. Yaranan problemlərin qarşısının alınması məqsədi ilə yerli xammal bazası əsasında yeni “Bağ məlhəmi” preparatının hazırlanmasına ehtiyac duyulur. Bu məqsədlə AR ETN Təcrübə Sənaye Zavodu MMC və Dendrologiya Bağı PHŞ-in mütəxəssislərinin birgə əməkdaşlığı ilə işlənən “Yerli xammal əsaslı ekoloji təhlükəsiz yeni bağ məlhəmi preparatının alınması və tətbiq edilməsi” layihəsi əsasında alınan “Bağ məlhəmi” sadalanan problemləri tam həll etməklə yanaşı bağçılıq təsərüfatlarının inkişafına da böyük təkan verəcəkdir.

Layihənin elmi ideyası respublikada ilk dəfə olaraq yerli xammallardan istifadə etməklə, budama vaxti meyvə ağaclarının qabıq və oduncaqlarında əmələ gələn müxtəlif xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədi ilə qoruyucu preparat olan “bag məlhəmi”nin istehsal edilməsidir.

Layihənin işlənməsi zamanı istehsal edilmiş “bağ məlhəmi”nin laborator-sınaq nümunələri hazırlanır; hazırlanmış sınaq nümunələrinin laboratoriya cihazlarında fiziki-kimyəvi göstəricilərinin tədqiqi; laboratoriya pilot qurğusunda məhsulların istehsal prosesinin texno​loji parametrlərinin (temperatur, zaman, xammal və reagentlərin verilmə sürəti və s.), resepturaların dəqiqləşdirilməsi; çöl sınaqlarından alınmış nəticələrin müqaisəli təhlili nəticəsində yekun resepturanin secilməsi; alınmış nəticələr və sınaq protokolları əsasında məhsul üçün normativ-texniki sənədlərin (texnoloji reqlamentlər, texniki şərtlər, uyğunluq sertifikatları və s.) hazırlanması həyata keçiriləcəkdir.

Bununlada meyvə bağlarının qorunmasına, ölkənin daxili bazarının müxtəlif meyvə məhsulları ilə tam təmin olunması ilə yanaşı həmçinin ixrac potensialının artmasına nail olmaq olar. Bağ məlhəminin istehsalı və tətbiqi bağçılıq təsərüfatlarının inkişafına, mövcud meyvə bağlarının sağlam, uzunömürlü, məhsuldar olmasına və ölkədə Ərzaq Təhlükəsizliyinin təmin olunmasına böyük təkan verəcəkdir.

Şərhini yaz