“Dendrologiya bağı” PHŞ-nin ərazisində Qırmızı palma böcəyinə qarşı inteqrir mübarizə tədbirləri görülür

Dendrologiya Bağı ərazisində “Bitkilərin mühafizəsi və inkişafını təmin edilməsi” şöbəsi tərəfindən aparılmış monitorinqlər nəticəsində Phoenix canariensis Cha. (Kanar finiki) üzərində zərərverici orqanizm-Qırmızı palma böcəyi (Rhynchophorus ferrugineus (Oliver, 1790)) aşkarlanmışdır.

Karantin statusunu almış zərərverici orqanizm, kütləvi surətdə artaraq bitkiləri məhv etmək qabiliyyətinə malikdir. Əsasən, inkişaf mərhələsində olan palma bitkilərini zədələyir və onların məhvinə səbəb olurlar. Zərərvericini yoluxmanın ilkin mərhələsində aşkar etmək çox çətindir. Morfoloji əlamətlərinə, həmçinin bitkiyə vurduğu zədə izlərinə uyğun olaraq zərərverici təyin edilir. Palma bitkisi bütövlüklə sirayətləndikdən sonra təyinat asanlaşır.

Müşahidələr nəticəsində məlum olmuşdur ki, sirayətlənmiş növü aşkar etmək üçün müəyyən əlamətlər: gövdə və qabıqda zədələnmiş liflər olan iri məsamələr (bəzi hallarda onların ətrafı qəhvəyi rəngli yapışqan maye ilə örtülür), sürfələrin qidalanması zamanı xırçıltılı səslər əmələ gəlir.

Rhynchophorus ferrugineus yetkin fərdinin uzunluğu 35-40 mm çatan, bədəni uzunsov, yuxarı hissəsi yastı, üst qanadları sərt, rəngi açıq-qəhvəyidən tünd-qəhvəyiyə kimi dəyişən, beli tünd ləkəli həşərat növüdür.

Dişi fərdlərin ölçüləri erkəklərdən bir az böyük, üst qanadları nisbətən qabarıq, baş hissəsinin buğumları uzundur. Erkək fərdlərin bədənin yuxarı hissəsində narıncı rəngli tüklərdən ibarət “pipik” mövcuddur. Sürfə ölçüsü 5 sm-ə qədər “C” şəkilli ayaqsız, bədəni ağımtıl-süd rəngli, başı qəhvəyi rəngdədir. Böcəyin pupları yetkin fərdi xatırladır.

Qırmızı palma böcəyi ildə bir nəsil verir. Dərin diapauzada olan fərdlər iki və daha çox il yaşaya bilirlər. Yumurta mərhələsi 7 gün, sürfə mərhələsi 3-4 ay, pup mərhələsi isə 14-21 gün davam edir. Bir dişi fərd orta hesabla 150-180 (maksimum 350) ədəd yumurta qoyma qabiliyyətinə malikdir. 

Həşəratlar yumurtalarını gövdənin yuxarı qurtaracağından və ya boy nöqtəsindən təqribən 50 sm aşağı yaruslara və yarpaq qoltuqlarına qoyurlar. Yumurtadan çıxan sürfələr bitkinin gövdəsinə daxil olur, orada bitki toxumaları ilə qidalanır və beləliklə, bitkini məhv edirlər. 

Sürfələrin qidalanması nəticəsində yaranan zədələnmələr gövdə və yarpaq qoltuğunda boşluqlar (oyuq) yaradır, gövdənin mexaniki möhkəmliyi zəifləyir və beləliklə, yarpaq əsası gövdədən aralanır. Lələkvari yarpaqlar büzüşərək rəngləri solur, açıq-yaşılı rəng alır, içəriyə doğru əyilir, gövdə üzərinə yıxılır və ya asılı vəziyyətdə qalır.

Yoluxmanın digər mərhələsində bütün yarpaqlar gövdə üzərinə əyilərək sanki dam örtüyünü xatırladır, palma ağacı məhv olana qədər zədələr praktiki olaraq görünmür və sonda məhvə səbəb olur.

Finik palması üzərində aşkar edilmiş Qırmızı palma böcəyinə qarşı bir sıra kimyəvi preparatlar sınaqdan keçirilərək təcrübələr qoyulmuşdur. Kimyəvi mübarizə tədbirləri insektsidlərdən istifadəyə əsaslanır.

Təcrübədə imidakloprid (Hekvidor) və xlorpirifos (Priban) tərkibli preparatlar tətbiq olunmuşdur. Ağacın dərmanlanmasında əl çiləyicisindən istifadə olunmuş, işçi məhlulun miqdarı 10 1/ağac təşkil etmişdir. Abşeron şəraitində qırmızı palma böcəyinə qarşı sınaqdan keçirilən preparatın bioloji səmərəsi 92-95 %-dir.

Rhynchophorus ferrugineus yetkin fərdi ərazidə bir ədəd palma növünü tamamilə məhv etdiyini müəyyənləşdirilmişdir. Bu səbəbdən zərərli orqanizmin xarici sahib bitkilər üzərindəki invaziv xüsusiyyətini nəzərə alaraq digər bitkilərin mühafizəsini və inkişafını təmin etmək məqsədi ilə şöbə tərəfindən fitosanitar qaydalara riayət olunmaqla AKT tərtib olunmuş və bitki kökündən çıxarılaraq sahədən kənarda yandırılma üsulu ilə məhv edilmişdir.

Zərərvericinin rast gəlindiyi ölkələrdən yeni gətirilən bitkilərə fitosanitar baxış keçirilməli, zədələnmiş bitki aşkar edildikdə məhv edilməlidir. 

Hazırladı:Dendrologiya Bağı publik hüquqi şəxsin “Bitkilərin mühafizəsi və inkişafını təmin edilməsi” şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Qasımov, 
məsləhətçi aqronom Xədicə Əliyeva , 
baş mütəxəssis Selcan Səfərəliyeva  

Şərhini yaz