Dendrologiya Bağında tədqiqat sahələrində biochar gübrəsi tətbiq edilir

Müasir dövrümüzdə canlı orqanizmlərə və ətraf mühitə mənfi təsir etməyən üzvi gübrələrin istifadəsi prioritetə çevrilmişdir. Yeni metodların tətbiqi torpağı daha asan münbitləşdirməli, iqtisadi cəhətdən səmərəli olmalı, bitkilərin kök sistemində uzun müddət su ehtiyatı saxlamalıdır. Abşeron yarımadasında yerləşən Dendrologiya bağının torpaq örtüyü boz-qonur, qumlu-qumsal olub, humusun miqdarı 1.5-ə qədərdir.

Torpaqda PH-7.0-7.1 normadan yüksəkdir və əsas tərkibini Ca2+, Mn2+, Cu2+ elementləri təşkil edir. Münbitliyin aşağı olması səbəbindən struktursuz torpaq mütəmadi olaraq gübrələmə və aqrotexniki qulluq tələb edir. Dendrologiya bağı publik hüquqi şəxsin “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının əməkdaşları bağ ərazisində torpağın qranulometrik tərkibinin və münbitliyinin yaxşılaşdırılması istiqamətində ağac parçaları, çürüntü, lil, kompost və yaşıl tullantılar kimi biokütlə qalıqlarının oksigensiz mühitdə pirolizi (qızdırılması) nəticəsində alınan “Biokömür” və ya “Biokar” gübrəsini tətbiq edirlər.

Türkiyənin Kayseri şəhərində yerləşən “Biorfe Orqanik Tarım Sam. Tic. Ltd. Şti.” şirkətindən əldə edilmiş BİOCHAR gübrəsinin müxtəlif temperaturlarda təsir effektinin qiymətləndirilməsi məqsədi ilə tədqiqat işi həyata keçirilmişdir. İlkin mərhələdə (15 sentyabr 2023-cü il tarixində, temperaturun 22°C, nisbi rütubətin 68% olduğu şəraitdə) Lavandula angustifolia Mill., Cercis siliquastrum L., Genista hispanica L. növləri 1:1-ə nisbətində malçlama materialı və 1:1-ə nisbətində 2.5 kq biokömür tədbiq edilmiş torpağa əkilmişdir. Neftçala rayonundan əldə edilmiş malçlama materialı hazırlanmış sahəyə müqayisəli şəkildə əlavə edilmiş, məlum olmuşdur ki, biokömür tətbiq edilmiş torpaq daha münbit və su tutma qabiliyyəti daha yüksək olmuşdur. Tədqiqatın digər mərhələsi üzrə işlər davam etdirilmiş, (14 noyabr 2023-cü il tarixində, temperatur 13°C, nisbi rütubət 71% olduğu şəraitdə) Cercis siliquasturum L., Leucaena pulverulenta Benth. və Genista  hispanica L. növlərinin toxumları tədqiqat sahəsində əkilmişdir.

Əkin materialının bir hissəsinə biokömür torpağa tam qarışdırılaraq tətbiq edilmiş, digər hissəsinə isə heç bir gübrə əlavə edilmədən toxumlar əkilmişdir. İstifadə edilən biokömür gübrəsi iqlim dəyişkənliyi səbəbindən yaranan problemlərin həllində, deqradasiya, səhralaşmanın qarşısının alınmasında və torpaq ehtiyatlarının qorunması məqsədi ilə mühüm əhəmiyyət kəsb edir. Biokömür torpağın keyfiyyətini, su tutma qabiliyyətini artırır, torpaqda öz çəkisindən 6 dəfə çox su saxlayır, bitkilər tərəfindən qida maddələrinin daha tez mənimsənilməsinə kömək edir, son dərəcə yavaş parçalanması humusun əmələ gəlməsinə şərait yaradır. Bu səbəbdən biokömür tətbiq edilmiş əkin materialı daha tez inkişaf etmiş və yüksək material əldə edilmişdir.

Şərhini yaz