Melissa officinalis L. (Ballınanə) növü “Dendrologiya Bağı” ərazisində introduksiya edilir

Melissa officinalis L. (Ballınanə) Dalmazkimilər (Lamiaceae Martinov.) fəsiləsinin Bədrənc (Melissa L.) cinsindən olan çoxillik ot bitkisidir. Dərman bədrənci təbii halda Aralıq dənizi, Kiçik Asiya ölkələri, Qafqazda yayılmışdır. Azərbaycanda dərman bədrənci Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz və Lənkəran ovalıqlarında, Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Növə əsasən, meşə və meşə kənarı kolluqlarda rast gəlinir. Yunanlar və Romalılar tərəfindən 2000 il əvvəl istifadə edilib. Kilsə xadimləri bədrəncdən (həvəsləndirici) həyəcanlandırıcı içkilər hazırlamışlar. Melissa qədim zamanlarda insanlar tərəfindən tüstü kimi istifadə edilmişdir. Onlar inanırdılar ki, tüstünün limon qoxusu insanları pisliklərdən və pis gözlərdən uzaqlaşdırır.

Dərman bədrənci kökümsov gövdəli, çoxillik ot bitkisi olub, hündürlüyü 30-120 sm-ə bərabərdir. Saçaqlı kök sisteminə malikdir. Əlavə yan köklərdə inkişaf etmişdir. Gövdəsinin diametri 0,4 sm, dörd tilli, düz qalxan, yaşıl, bir qədər tüklü və budaqlanandır. Budaqlar gövdəyə kəskin bucaq altında birləşir. Yarpaqlar qarşı-qarşıya düzülüşlü, saplaqlı, yumurtavari, uzunluğu 4.2 sm, eni isə 2,8 sm, kənarları iri mişardişli, bir qədər tüklü, alt tərəfi üst tərəfinə nisbətən bir qədər açıq rəngli, üst yarpaqlar alt yarpaqlardan böyük, səthi bir qədər qırışmışdır. Yarpaqlardakı damarlar rahatlıqla görülə bilir. Çiçəkləri ağ rəngdə xırda, yarım köbə şəklində yarpaq qoltuqlarında inkişaf edir. Çarpaz tozlanır. Çiçək qrupu spiral şəkilli budaqlanan formalı 20-40 sm uzunluqda olur. Toxumları yumurtavari, qəhvəyi, uzunluğu 2 mm və diametri 1 mm-dir. Meyvəsi dörd kiçik qozcuqdan ibarət açıq qonur və boz rəngli olur. Ağ çiçəklər arıları cəlb edir, buna görə də Melissa cinsi yunanca "bal arısı" deməkdir. Xarici görünüşünə görə bədrənc yarpızı xatırladır. Xalq arasında ballınanə, bədrənc və ya limonotu kimi tanınır.

Böyümə aprelin ilk on günlüyündə başlayır. İyun ayının sonunda qönçələnir, iyul ayında çiçəkləyir və sentyabr aylarında meyvə verir. Ballınanə işıqsevən bitkidir. Kölgə şəraitində inkişaf etdikdə yarpaqlarında efir yağlarının miqdarı azalır və bitki az ətirli olur. İstiliyə tələbkardır. Toxumlarının cücərməsi üçün 10-12°C istilik lazımdır. İnkişafı üçün optimal temperatur 20-25°C hesab edilir. Ballınanə torpağa çox da tələbkar deyil. Yüngül strukturlu münbit, zəif turş, neytrala yaxın turşuluqlu torpaqlarda yaxşı bitir. Soyuğadavamlı bitki hesab olunur, şaxta onu məhv edə bilər. Qışda bitkinin üst hissəsi məhv olur, yazda yenidən inkişaf edir.

24 iyul 2023-cü il tarixində Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən, Xəzər rayonunun Qala qəsəbəsi ərazisindən gətirilmiş Melissa officinalis L. növünü Dendrologiya Bağı ərazisinə introduksiya edilmişdir. İşin əsas məqsədi ballınanənin morfoloji, fizioloji, vegetativ, generativ çoxalma xüsusiyyətlərinin öyrənilməsi, bağ ərazisində inkişaf perspektivinin araşdırılması efir yağının alınması və fitokimyəvi tədqiqidir. İlkin tədqiqat məqsədi kimi vegetativ çoxalma üsulundan istifadə edilmişdir. Növ tam işıq şüası alan, az kölgəli ərazidə əkilmişdir. Torpaq əkin üçün hazırlanarkən aqrotexniki qulluq edilmiş, mütəmadi olaraq müxtəlif parametrlər üzrə çöl tədqiqatları aparılmışdır.

Tədqiqat obyekti kimi seçilmiş növ praktiki, eksperimental, xalq təbabətində, eləcə də, farmokologiyada və baytarlıqda geniş tətbiq edilir. Tərkibi sitral, sitronellol, heraniol, nerol, linalol, heranilasetat, mirsen və terpenoid maddələri vardır. Bundan başqa, flavonoidlər, piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, kumarinlər, aşı maddələri və aromatik birləşmələrlə zəngindir. Tərkibindəki efir yağının əsas komponenti limon iyli olan sitral və sitronellal maddələrindən ibarətdir. Tərkibində fenollu birləşmələr, antioksidant aktivliyə malik flavonoidlər-apigenin, kosmosiin, lyuteolin, sinarozid, ramnositrin, fenol - karbon turşularından – hentizin, salisil, para-hidroksibenzoy, vanilin, protokatexin turşusu vardır. Vitaminlərdən B1, B2, C, β-karotin, makroelementlərdən, kalium, kalsium, maqnezium, dəmir, mikroelementlərdən isə manqan, mis, sink, molibden, xrom, selen, nikel, və vanadium vardır.

Bu bitki antioksidant, antibakterial, antifunqal, antivirus, sakitləşdirici, hipotenziv, ödqovucu, hemostatik, damardaraldıcı, ağrıkəsici, işlədici və iltihab proseslərinə qarşı təsirə malikdir. Sedativ dərman preparatlarının tərkibinin əsas komponentidir. Təngnəfəsliyə, ürək ağrılarına təsir edir, sinir sistemini tonuslandırır və möhkəmləndirir. Yüksək terapevtik effekti tərkibindəki efir yağı ilə bağlıdır. Bədrənc bitkisi mədə şirəsinin ifrazını nizama salır, spazmı azaldır, ferment çatışmazlıqlarını aradan götürür və maddələr mübadiləsini yaxşılaşdırır. Nevroz, halsız, vegetativ-damar distoniyasında, bağırsaq diskenziyasında və bağırsaq sancısında, xolesistit, xolangit, böyrəkdaşı, sidikyolu xəstəliklərində, stenokardiya və klimakterik sindromlarda işlədilir. Xaricə işlətdikdə dəriyə antibakterial, antivirus, frunkulyoz, herpes, stomatit və parodontozlara yaxşı təsir edir. Melissa çayı uçuqların müalicəsində də istifadə olunur. Tərkibindəki antioksidant tərkibi sayəsində ballınanə ekstraktı olan kremlər herpesin müalicəsində təsirli olur, tez sağalmasına kömək edir, xəstəliyin sürətini azaldır. Bədrəncdən hazırlanmış isti çaylar baş ağrılarını və baş gicəllənmələrini aradan qaldırır. Bədrənc bitkisi kombinəedilmiş şəkildə ekstrakt, dəmləmə kimi sedativ, spazmolitik, ağrıkəsici, hipotenziv təsir edir. Melissa dəmlənməsi qan təzyiqini aşağı salan çaydır. Yüksək qan təzyiqi olan insanlar üçün faydalı olsa da gündə 2 stəkandan çox istehlak edildikdə halsızlıq və yorğunluğa səbəb ola bilər. Melissa çayı həddindən artıq içildikdə baş ağrısı, baş gicəllənmə, mədə bulantısı, qusma, qarın ağrısı, nadir hallarda bədən temperaturunun artmasına səbəb ola bilər.

Yarpağındakı limon iyli efir yağı olduğuna görə parfümeriyada istifadə edilir. Təzə dərilmiş yarpaqları şorbaların, tərəvəz xörəklərinin, salatların hazırlanmasında, qurudulmuş yarpaqları isə ədviyyat kimi istifadə olunur. Bir qədər büzüşdürücü dada malikdir.

Şərhini yaz