“Dendrologiya Bağı” PHŞ “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasında Lavandula angustifolia Mill. növünün efir yağının kimyəvi tərkibi təhlil edilir

Lavandula angustifolia Mill. - əsl lavanda Lamiaceae Martinov (Dalamazkimilər) fəsiləsinin Lavandula L. (Lavanda) cinsinə aid çoxillik ot bitkisidir. Vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri olub, Şimali Afrika, Şimali Amerika, Rusiya, Qafqazın Qaradəniz sahillərində bitir. Azərbaycanda təbii halda yayılmışdır. Avropada lavanda XVI əsrin sonlarından etibarən becərilir. "Lavanda" sözü latın dilində "lavare" yəni, "yumaq" mənasını verir.

1922-ci ildə qazıntılar zamanı Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır. Qədim zamanlarda lavanda havanı dezinfeksiya etməklə mikrob və göbələk infeksiyalarının qarşısını almaq, taunu uzaqlaşdırmaq, evlərdə və kilsələrdə ətirləndirici kimi istifadə olunurdu. Yalnız 16-cı əsrdə lavandanın xüsusiyyətləri öyrənilməyə başlanıldı və onun tonik, diabet əleyhinə, dezinfeksiyaedici kimi təsirləri də geniş şəkildə tanındı.

Dünyanın bir çox ölkələrində, o cümlədən İspaniya, İtaliya və Fransada lavanda cinsinin bir çox nümayəndələri yayılmışdır ki, bunlardan ən əhəmiyyətlisi Lavandula angustifolia Mill. hesab olunur. Lavanda həmişəyaşıl bitkilər qrupuna aid olan və yarpaq dəyişməsi hər 2 ildən bir baş verən kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü bitkidir. Kök sistemi saçaqlı və odunlaşmışdır. Kolu 40-60 sm hündürlükdə, 60-80 sm diametrdə olmaqla əsas gövdədən ayrılan 800-ə qədər budaqdan ibarət yarımkoldur. Hər bir budağı birillik, dörd tilli çiçək daşıyanla qurtarır. Budaqları əmələ gəldikdən 6-8 il sonra qocalır,quruyur, onun yerinə isə kök boğazındakı yatmış tumurcuqdan yeni gövdə inkişaf etməyə başlayır. Budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları ensiz, qarşı-qarşıya düzülmüş, oturaq, damarlı, uzunsov-xətvari, kənarları burulmuş, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Lavandula angustifolia Mill. iyun ayının ortalarından başlayaraq 20-35 gün ərzində çiçəkləyir.

Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Kasa yarpağı tökülməyən, boruşəkilli, beş dişlidir. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcüklü və töküləndir. 4 erkəkciyi, 1 dişiciyi vardır. Dörd yuvalı yuxarı yumurtalığa malikdir. Sapları qısa və budaqsızdır. Çarpaz tozlanır, lakin öz-özünə tozlanma da mümkündür. Meyvəsi qalın kasacığa daxil olan hamar parıltılı səthli, qəhvəyi rəngli, oval formalı xırda qozcuqdur. 100 ədəd meyvəsinin kütləsi 1 qramdır.

Lavandanı müxtəlif torpaq tiplərində, hətta zəif təmin olunmuş və çınqıllı torpaqlarda becərmək olar, lakin qumsal və gillicəli qara torpaqlar daha əlverişli hesab olunur. Soyuğadavamlıdır və -250C-dək şaxtaya dözür. Turşuluğu artıq olan ağır və eləcə də qrunt suları səthə yaxın yerləşən torpaqlar lavanda üçün yararsızdır. Lavandanı çınqıllı torpaqlarda da becərmək olar. Duzlaşmış, ağır gilli və yaxşı havalanmayan torpaqlarda pis inkişaf edir. Lavanda işıq sevən bitkidir. Kölgəli şəraitdə onun budaqları çox uzanır, çiçəkləri xırdalaşır, yağlılığı aşağı düşür. Düzgün aqrotexniki qulluq göstərilsə lavanda bitkisi 20-25 il məhsul verə bilir.

Bitkini həm vegetativ, həm də generativ yolla çoxaltmaq mümkündür. İstehsalatda sentyabr-oktyabr aylarında vegetativ yolla - çilinglə, kolun bölünməsi, basdırılma üsulu ilə də çoxaldıla bilər. Çilinglər 8-10 sm uzunluqda olmaqla 4-5 yaşlı ağac kollar üzərindəki birillik yarımodunlaşmış budaqlardan kəsilir.

Təzə lavanda çiçəklərindən əldə edilən təbii yağ bütün bədən sisteminin tarazlığını bərpa etmək qabiliyyətinə malikdir. Sakitləşdirici və antidepresan, bakterisid, funqisid və insektisid xüsusiyyətlərə, revmatizm, otit və miqren zamanı ağrıkəsici təsirə malikdir, yuxusuzluğu və sinir gərginliyini azaldır. Yaraların, dəri qıcıqlanmalarının, yanıqların, o cümlədən günəş yanıqlarının sağalmasını sürətləndirir. Dərinin infeksiyasına səbəb olan bakteriyaları öldürür, dərini hamarlayır, qırışları azaldır və sebum ifrazını azaldır. Lavanda ədviyyat bitkisi kimi italyan, fransız və ispan kulinariyasında xüsusilə ət yeməklərinin hazırlanmasında istifadə olunur. Lavanda spirti antiseptik təsirli vasitə kimi bəzi linimentlər və məlhəmlərin tərkibində də olur. Distillə yolu ilə alınmış efir yağlarından tibb, kosmetologiya və ətriyyat sahəsində istifadə olunur. Dekorativ növ olduğu üçün park və bağların yaşıllaşdırmasında bəzək bitkisi kimi istifadə edilir. Torpaq eroziyasının qarşısının alınmasında böyük əhəmiyyəti vardır. Lavanda öz ətrini 3 min il saxlaya bilir.

“Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasında aparılan tədqiqat işin əsas məqsədi Lavandula angustifolia Mill. növünün morfoloji, fizioloji, vegetativ, generativ çoxalma xüsusiyyətlərinin öyrənilməsi, bağ ərazisində inkişaf perspektivliyinin araşdırılması, bu bitkidən alınan efir yağının yağlılığı və fitokimyəvi tərkibinin tədqiqidir.

Tədqiqat obyekti kimi seçilmiş bitkinin bütün hissələrində 0,8-3 % efir yağı, çiçəklərində 12%-ə qədər aşılayıcı maddələr, qatranlar, ursol turşusu, kumarin, qerniarin mövcuddur. Efir yağının əsas komponenti linaliasetatdır (30-56%) və linaloldur (10-12%).

Efir yağı alınması məqsədilə “təsərrüfat əhəmiyyətli bitkilər laboratoriyası”nın əməkdaşları tərəfindən bağın ərazisindən lavanda toplanmışdır. Bitkinin yarpağını (300 qr) təmizlənmiş və kolbaya yerləşdirilmişdir. Həlledici olaraq distillə suyundan (1.5l) istifadə edilmişdir. 4 saat qaynadılmış və nəticədə 0.5 ml efir yağı alınmışdır.

Tədqiqat işinə uyğun olaraq əsl lavandadan əldə edilən efir yağının kimyəvi tərkibi KRISTAL- 2000M qaz xromatoqrafiya aparatında analiz edilmişdir. Analiz 22.067 dəqiqə müddətində başa çatmışdır. Komponent tərkibinin analizi zamanı 33 pik müəyyənləşdirilmiş, lakin onlardan 17 pikdə eyniləşdirilmə aparılmışdır. Ən çox konsentrasiya analizin 10.475 dəqiqəsində 1,8-Cineol (Evkaliptol) maddəsində (hündürlük 1281.687 mm, sahə 37.109%), ən az konsentrasiya isə analizin 16.935 dəq-də Geraniol (hündürlük 6.554 mm, sahə 0.165%) və 17.145 dəqiqədə Mirtenilacetate (hündürlük 7.169 mm, sahə 0.163%) maddələrində izlənilmişdir.

Şərhini yaz