Dendrologiya Bağı Batumi Botanika Bağı ilə əməkdaşlıq Memorandumu imzalayıb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də xarici ölkələrin aidiyyatı dövlət qurumları ilə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması, birgə tədqiqatların aparılması məqsədilə çalışmalar həyata keçirir. Azərbaycan Respublikasının “Dendrologiya Bağı” publik hüquqi şəxslə Gürcüstan Respublikasının Batumi Botanika Bağı arasında dünya florasının mühafizəsi problemlərinin həllinin innovativ üsullarla öyrənilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanmışdır.

Elmi-ictimai əlaqələrin genişləndirilməsinin zəruriliyi və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı fonunda iki ölkənin nümayəndələri arasında imzalanan müqavilə bir sıra əməkdaşlıq məsələlərində razlığa gəlinmişdir. 

Əldə olunmuş razılığa əsasən tərəflər bitki aləminin mühafizəsi, nadir bitkilərin toplanması, çoxaldılması və səmərəli istifadəsinin elmi əsaslarının işlənib hazırlanması, toxum fondunun inkişafı və toplanması, yerli və xarici bitki kolleksiyalarının formalaşdırılması, biomüxtəlifliyin mühafizəsi, beynəlxalq təcrübə mübadiləsinin təşkili, bitkiçilik sahəsində fundamental, tətbiqi və innovativ tədqiqatlar, botanika və beynəlxalq aləmin nailiyyətlərini nəzərə almaqla iki ölkənin dendroflorasının müqayisəli monitorinqinin təşkili, bitki introduksiyası sahəsində tədqiqatların aparılması sahəsində əməkdaşlıq edəcəklər.

Razılaşmaya həmçinin müxtəlif torpaq iqlim şəraitində birgə fəaliyyət, ətraf mühitin tarazlığının qorunması və dünya florasının zəngin inkişafına nail olunması, o cümlədən dendrologiya, biologiya, ekologiya sahəsində əməkdaşlıq, elmi-tədqiqat və təcrübə mübadiləsi də daxildir.
Müqavilə əməkdaşlığın istiqamətlərini də müəyyən edib.

Birgə əməkdaşlığa iki ölkənin təbiətinin, ekologiyasının, bitki aləminin mühafizəsi, bərpası və inkişafı sahəsində əməkdaşlıq etmək, fundamental və tətbiqi elmi tədqiqatların informasiya təminatı texnologiyalarını təkmilləşdirmək, bağ tərəfindən aparılan tədqiqatlar, xüsusən də fəaliyyət istiqamətləri üzrə aparılan tədqiqatlar barədə qarşı tərəfi məlumatlandırmaq və birgə analitik təhlillər aparmaq, mövcud imkanlar nəzərə alınmaqla bitkilərin çeşidini artırmaq məqsədilə toxum, bitki, ağac və kol nümunələrinin mübadiləsini təşkil etmək məsələləri daxildir.

Bu tərəfdaşlıq çərçivəsində elmi-texniki məsələlərlə bağlı birgə konfransların təşkili, layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Elmi-texniki birlik haqqında bu müqavilə çərçivəsində tərəflər habelə toplanmış təcrübə mübadiləsi üçün mövcud maliyyə imkanları daxilində öz əməkdaşlarının  ezamiyyələrini, ortaq və qarşılıqlı şəkildə ekspedisiyalarını təşkil edəcək.

Bitki mühafizəsi sahəsində təbii florada biomüxtəlifliyin qorunmasının genetik aspektləri ilə bağlı Bağda, xüsusilə meşə ekosisteminin mühafizəsi sahəsində aparılan tədqiqatlar barədə ortaq fikir mübadiləsini təmin ediləcək.

Meşə ekosisteminin qorunub çoxaldılması məqsədilə ortaq layihələr icra ediləcək, o cümlədən ağacəkmə aksiyaları, yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. 

Aparılmış birgə elmi tədqiqatlara dair məqalələrin kifayət qədər nüfuzlu jurnallarda dərcinə nail olmaq, bitkilərin introduksiyası üzrə aparılan tədqiqatlarda mobilliyi təmin etmək məqsədilə informasiya mübadiləsini həyata keçirmək əldə olunan razlığıa daxildir.

Hər iki müəssisə arasında yüksəkixtisaslı kadrların müvafiq sahədə elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına kömək göstərmək, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləməkdir.

Qeyd edək ki, Əməkdaşlıq memorandumunu “Dendrologiya Bağı” publik hüquqi şəxsin idarə heyətinin təmsilçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova və Batumi Botanika bağının direktoru İrakli Arçayi imzalayıb.

İki bağ arasında imzalanan bu müqavilə qarşılıqlı əməkdaşlığın, mobilliyin və dostluq münasibətlərinin genişləndirilməsinə şərait yaradacaqdır.

Şərhini yaz