Dendrologiya bağı

Dendrologiya Bağı haqqında məlumat


Dendrologiya Bağında respublikamızın təbii və mədəni flora genefondunun bərpası, bitki ehtiyatlarının səmərəli istifadə edilməsi, eləcə də uyğunlaşdırma və introduksiya istiqamətində geniş tədqiqat işləri aparılır. Bağın bitki kolleksiyaları park dizaynının ən yaxşı nümunələrindən istifadə edilərək özünəməxsus landşaft ansamblı olub, şərq və qərb park memarlığı ənənələri ilə tərtib edilmişdir. Buraya Yer kürəsinin müxtəlif regionlarından 1500 növ müxtəlif bitki toxumlarının nümunələri gətirilərək Abşeron şəraitində becərilməsi, rayonlaşdırılması və iqlimləşdirilməsi sahəsində geniş işlər aparılmışdır. Hazırda Dendrologiya Bağında 556 bitki növü vardır ki, bunlardan 363 növü ağac, 106 növü oranjereya bitkiləri, 34 növü ot bitkiləri, 53 növü müxtəlif güllərdən ibarətdir.

 

Murtuza Muxtarov
Azərbaycan tarixində XIX əsrin ikinci yarısında meydana gələn sahibkar təbəqə ölkənin inkişafı ilə əlaqədar çoxlu xeyriyyə işləri görmüş və öz xalqının qayğısına qalmışlar. XX əsrin əvvəlində milyonçu yerli neftxudalar ən aşağı sosial təbəqələrdən - mədənlərdə fəhlə, usta köməkçisi, yaxud ustalar arasından çıxırdılar. Təəssüf ki, Sovet imperiyasında milli burjuaziyanın nümayəndələri və xalq üçün gördükləri işlər haqqında danışmaq qəti qadağan olunduğundan onların fəaliyyəti uzun müddət xalqa məlum olmamış, yalnız Sovet hökuməti dağıldıqdan sonra öyrənilmişdir.

XIX əsrin sonları, XX əsrin əvvəllərində fəaliyyət göstərən xeyriyyəçilər xalqımızın maariflənməsində, yoxsul uşaqların təhsil almasında çox böyük rol oynayıb. Eyni zamanda, xalqımızın dünya mədəniyyətinə yaxınlaşmasında və ona qovuşmasında əvəzsiz xidmətlər göstəriblər. Həmin şəxslər məhdud zaman çərçivəsində elə böyük işlər görüblər ki, gələcək nəsillər onları tanımalı və böyük minnətdarlıqla xatırlamalıdırlar.

Hal-hazırda “Dendrologiya bağı” publik hüquqi şəxsin yerləşdiyi ərazi 1895-1920-ci illərdə neft milyonçusu, böyük xeyriyyəçi Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində kasıb arabaçı ailəsində dünyaya gəlib. Ailə ənənəsinə sadiq qalaraq əvvəlcə arabaçılıq etməklə pul qazanan Murtuza, uzun müddət suvaqçı işləyib. Malakeşlik etdikdən sonra araba ilə neft daşlarında podratçılıqla məşğul olmuşdur.

1870-ci ildə öz arabasını satıb, erkən yaşlarından Balaxanı-Zabrat kəndləri ətrafında salınan mədənlərin birində Martov adlı sahibkarın yanında fəhləliyə başlayır, dayaz quyulardan neft çıxarır. Bu cavan oğlanın zirəkliyini, işə olan həvəsini, məsuliyyətini, bacarığını və iradəsini görən sahibkar Martov mexaniki alət və cihazların sirrini ona öyrədir, çox qısa zamanda onu usta vəzifəsinə irəli çəkir, mədən emalatxanasını da ona tapşırır. Murtuza maşınların səsindən, balta və boruların ahəngindən, avadanlıqların gurultusundan quyunun dərin qatlarındakı vəziyyətini müəyyən edə bilirdi. Muxtarovu quyulardakı nasazlıqların təmiri və aradan qaldırılması üzrə əvəzolunmaz usta kimi müxtəlif mədənlərə dəvət etməyə başlayırlar.

Sahibkar Martov qocaldığını görüb şəxsi emalatxanasını qazma avadanlığı ilə birgə ona satır. 1890-cı ildə 25 yaşlı Murtuza Muxtarov özəl qazma kontorunu açır, ən mürəkkəb və dərin quyuların qazılması üzrə sifarişlər almağa başlayır, bir çox ölkələrlə əməkdaşlıq edir. Onun ixtiraçılıq məharəti də elə burada üzə çıxır - Kanada istehsalı olan yarım mexanikləşdirilmiş ”Molot” qazma dəzgahına qısa dövrdə etdiyi bir çox dəyişiklik, həm avadanlığın istehsal qabiliyyətini artırmağa, həm də istifadə müddətini uzatmağa kömək edır. Bakıda neft çıxarılması texnologiyasının inkişafı məhz Muxtarovun adı ilə bağlıdır. O, yüksək texniki təhsil almasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini peşəkar bilən bir sahibkar idi. Gənc Murtuza fitri çevikliyini nəzəri biliklərlə də zənginləşdirir - mühəndislər arasından özünə müəllimlər tutaraq, onların köməkliyi ilə texniki hazırlığa yiyələnir.

M.Muxtarov həmçinin zamanının diplomsuz neft mühəndisi kimi tanınmışdır. Həmin dövrdə kövrək, yağlı və s. süxurlarda quyu qazmaq möcüzə hesab edilirdi. İlk dəfə olaraq 1895-ci ildə o, metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün Dövlət Patenti -Müəlliflik Şəhadətnaməsi alır. Muxtarov bu ixtirasına “Bakı qazma sistemi” adını verir. Muxtarovun dəzgahı o vaxtadək məlum olan bütün qazma dəzgahlarının ən mükəmməli idi.

XIX əsrin sonralarında Murtuza Muxtarov Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Bu zavod Rusiyada neft avadanlığı istehsal edən ilk sənaye müəssisəsi idi. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binası tikdirir, yaradılan şəraitlə Bakının ən yaxşı işçi qüvvəsini ətrafına toplayır və neft çıxarılmasında yeni məlumatlar əldə edə bilirdi. Zavodda istehsal edilən dəzgah və avadanlıqlar Rusiya bazarında satılır və ya xaricə ixrac edilirdi. Eyni zamanda, Muxtarov özü də xaricdən, xüsusilə Amerikadan çoxlu alət, maşın, cihaz və avadanlıqları Bakıya gətirirdi. Hətta Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən - İnqilabdan sonra da bu göstərişlər davam edir, onun adına avadanlıqlar göndərilirdi. Bununla yanaşı, 1917-ci ildə ilk taxta yonan dəzgah da onun tərəfindən ixtira edilir. Hazırda bu dəzgah Sankt -Peterburq şəhərində “Dağ-mədən” İnstitutunda saxlanılır.

Murtuza Muxtarovun kontorunun işgüzar əlaqələri geniş idi, onun neft sənayesindəki fəaliyyəti təkcə Azərbaycanı əhatə etmirdi. O, tez-tez Rusiyanın müxtəlif quberniyalarına səfər edir, işgüzar sövdələşmələr edirdi. Xüsusən Şimali Qafqaz neft sənayeçiləri, Maykop və Qroznıdakı mədən sahibləri ilə yaxın münasibətlər saxlayır, əlaqələr qurur, konstruktor büroları ilə texniki müqavilələr bağlayırdı.

Murtuza Muxtarov, həmçinin gözəl inşaatçı və böyük xeyriyyəçi olmuşdur. O, Bakıdan başqa onun ətraf kəndləri, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində indiyədək əzəmətini saxlayan bir çox binaların tikilməsinə dəstək vermişdir. Onun Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir və Muxtarova müraciət edilir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarlar dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. Məscidin inşasına başlayarkən 25 kq ağırlığında bütünlüklə qızıl suyu ilə Allah kəlmələri həkk olunmuş Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır. Şərq memarlığının ən yaxşı incilərindən biri sayılan bu qoşa minarəli əzəmətli məscid UNESCO-nun tarixi abidələr siyahısına daxil edilmişdir.

Həmçinin Milyonçunun xeyriyyə işləri bunlarla bitmirdi. 1902-ci ildə M.Muxtarov Əmircan kəndində və Vladiqafqazda uşaqlar üçün məktəb, 1913-cü ildə Xəzərdə Pirallahı yaxınlığında bir gəminin batmağına xatirə əlaməti olaraq Mayak, həmçinin Abşeronda 17 bina tikdirir. Murtuza Muxtarovun Bakıda, Rusiya və Avropa şəhərlərində tikdirdiyi bir çox binalar bu gün də onun adını yaşadır.

1911-ci ildə inqilab zamanı da M.Muxtarov xalqına və millətinə öz köməyini əsirgəmirdi, belə ki, İrandan və Türkiyədən Bakıya gətirilən türk hərbi-əsirlərini xilas etmək üçün susuzluqdan, antisanitariyadan, yoluxucu xəstəlikdən “ölmüş əsirlər” kimi qeydə alıb, Bakıda Nargin adasında “ölülər” adı ilə kisələrdə dənizə atdırırdı. Xeyirxahlığı ilə tanınan Murtuza Muxtarov bir çox kasıb ailələrə köməklik göstərib, onların müalicələrinə və təhsil almaqlarına sərmayə sərf edərdi. Hələ o dövrlərdə Katya adlı bir şarmançını qızlığa götürmüş, ona Fatma adı vermişdir. Fatma respublikamızda böyük opera solisti və Azərbaycan aktrisası kimi tanınmışdır.

1927-ci ildə şimali DRES-də və Şüvəlanda elektrik olmayan dövrdə Murtuza Muxtarov ilk dəfə elektrik dinamikasını qoymuş, Şüvəlan və Mərdəkan kəndlərini az da olsa elektrik enerjisi ilə təmin etmişdir.

Növbəti Besland səfərlərinin birində Muxtarov maraqlı bir hadisənin şahidi olur. Stansiyada perronda gəzişən Muxtarovun diqqətini çərkəzi libaslı namaz qılmaq üçün yerə xalça salan iki leytenant cəlb edir. Çərkəzi geyimli general namaz qılmağa başlayır. Murtuza Muxtarov stansiya işçilərindən bu generalın kim olduğunu soruşur və öyrənir ki, o, Vladiqafqazdan olan məşhur general Hambi Tuqanovdur. Onlar tanış olurlar, general Murtuza Muxtarovu Vladiqafqazdakı evinə qonaq çağırır. Bu dəvəti qəbul edən Muxatarov Tuqanovun ailəsi ilə tanış olur. Murtuza burada öz gələcək həyat yoldaşı - generalın ortancıl qızı Lizanı görür, ilk baxışdan ona aşiq olur. Murtuza Muxtarovun elçilik və toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçir.

Bunu da qeyd etmək lazımdır ki, bu evlilik Muxtarovun ikinci ailəsi idi. İlk həyat yoldaşı Qönçənaz xanımla evlilikdən onun iki qızı dünyaya gəlmişdi. Lakin bədbəxt hadisə nəticəsində o, qızlarını itirir və beləliklə də ailəsi faciəli şəkildə dağılır.

Murtuza və Lizanın nişanında ağ çərkəzi çuxa geyinib, ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirmiş, toy isə 7 gün, 7 gecə davam etmişdi. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə aparmışdılar. Lizanın öz həyat yoldaşından 24 yaş kiçik olmasına və hər ikisinin müxtəlif sosial təbəqələrə mənsub olmalarına baxmayaraq, bu heç də onların birlikdə xoşbəxt yaşamalarına mane olmadı. Vladiqafqazda dəbdəbəli toy mərasimindən sonra onlar Avropaya toy səyahətinə çıxmış, səyahətdən qayıtdıqdan sonra bir neçə il Vladiqafqazda yaşamışlar.

Muxtarov öz ailə xoşbəxtliyinə görə osetin torpağına minnətdarlığının ifadəsi kimi 1908-ci ildə Vladiqafqazda öz vəsaiti ilə bir çox parametrlərinə görə nadir memarlıq nümunəsi olan sünni məscidi inşa etdirir. Şiə məzhəbli Muxtarovun Liza Tuqanovanın şərəfinə Terek çayının sahilində tikdirdiyi sünni məscid indi də Şimali Qafqazın ən nəhəng məscidlərindən sayılır. Ekspertlərin fikrincə, Muxtarovun tikdirdiyi bu məscid işlənmə gözəlliyi baxımından Rusiya ərazisində ən zəngin məscidlərdəndir. Osetin tarixçilərinin yazdığı kimi: "Vladiqafqaz şəhərinin sünni icmasının səlahiyyətli nümayəndələri general-leytenant İnal Kusov və İdris Şanayev məscidi tikdirmiş bakılı tacir Murtuza ağa Muxtarova bütün Vladiqafqaz müsəlmanları adından səmimi minnətdarlıq ifadəsi olaraq məscidi "Muxtarovun Cümə məscidi" adlandırmağa qərar verirlər".

Murtuza Muxtarov Avropada toy səyahətində olarkən gənc xanımı Venesiya şəhərinin ecazkar memarlığına, italyan binalarının arxitekturasına valeh olur və o, bu məftunluğunu həyat yoldaşına bildirir. Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir binanın qarşısında duran Liza heyranlıqla - "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!"– deyə hislərini həyat yoldaşı ilə bölüşür. Bu mənzərəni sakit seyr edən Murtuza bəy heç nə demir. 1910-cu ildə Vladiqafqazdan qayıdan Murtuza ağa sevimli xanımı üçün İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturası və oxşar üslubunda Bakıda bir il ərzində saray tikdirir (1911-1912). Saray memar İosif Ploşko tərəfindən fransız qotik üslubunda layihələndirilmişdir. Muxtarov Ploşkonu xüsusi olaraq Moskvadan Bakıya dəvət etmiş və sonra da İtaliyaya göndərmişdi ki, sarayla yaxından tanış olsun. Ploşko Muxtarov üçün layihəni Şərq üslubunda tərtib edəcəyini düşünürdü, lakin M.Muxtarovun “İsmailiyyə” binası xoşuna gəldiyi üçün milli-şərq təfsirində deyil, “qotika” memarlıq üslubunda saray tikdirməyi qərara alır. Murtuza Muxtarovun sarayının tikintisi şəhərin mərkəzi magistralında (o zamanki Nikolayev, indiki İstiqlaliyyət küçəsi) nəzərdə tutulsa da, sonradan Nikolayev küçəsinin qonşuluğunda yerləşən ərazinin bu məqsəd üçün istifadə olunması qərarlaşdırılmışdır. Yerin sahibi torpağı satmaqdan imtina etdiyindən Muxtarov Persidski (hazırda Murtuza Muxtarov küçəsi) və Vrangel (hazırda Əhməd Cavad küçəsi) küçələrinin əks tərəfində, Aleksandr Nevski kafedralı (memar R.R.Marfeld, 1888-1889, inşaatçı Y.V.Qoslavski) ilə üzbəüz ərazini alır. Saray belə nəhəng və monumental kilsə ilə yanaşı yerləşməsinə baxmayaraq, çox əlverişli şəhərsalma mövqeyinə malik idi. 1930-cu ildə kilsənin sökülməsindən sonra sarayın ətrafı tamamilə açılmışdır.

Təxminən bir il sonra Murtuza Muxtarov Bakıda küçə gəzintisinə çıxarkən Liza xanımı faytona mindirib Fars küçəsinə binanın qarşısına gətirir. Lizanın baxışları uzaq İtaliyada gördüyü saraya bənzər bina ilə toqquşur. Öz xanımının əllərindən öpən Muxtarov onu yeni mülkləri münasibətilə təbrik edir. Heyrətindən nə deyəcəyini bilməyən xanım, binanın qapısında qulluqçularının onları qarşıladığını və sarayın ona bağışlandığını eşidikdə sevincinin həddi-hüdudu olmur. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri, memarlıq incisidir və bu detallar içəri daxil olan hər kəsi valeh edir. Qahirə məscidlərinin minarələrini xatırladan şaquli qüllələr şərq koloritini çox yaxşı təcəssüm etdirirdi. Sarayın fasad detalları fransız qotikası ruhunda nəfis işlənmiş sütunlar, mərkəzi qüllə binaya xüsusi gözəllik verir. Sarayın klassik formalı üçmarşlı mərmər pilləkanına açılan vestibüldə order üsullarından daha çox istifadə olunub. Ön pilləkan təmtəraqlıdır, yarımdairəvi tavan isə dekorativ elementlərlə doludur. İ.Ploşko 1911-1912-ci illərdə Muxtarovun sarayını layihələşdirərkən Peterburq memarlıq akademiki H.D.Qrimmin layihəsindəki effektiv künc kompozisiyasından bəhrələnmişdir və fransız qotikasının üslub istiqamətinin traktəsinə yenidən baxaraq öz təfsirini vermişdir. Qeyd etmək lazımdır ki, bəhrələnmiş H.D.Qrimm layihəsi 1900-cü ildə mükafata layiq görülmüşdür.

Saray Oktyabr inqilabından sonra Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Daha sonralar uzun illər Nikah evi kimi istifadə olunmuşdur. Bina 1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na 149№-li inventar kimi daxil edilmişdir. 2007-2012-ci illərdə Sarayda bərpa işləri aparılmışdır. 5 iyul 2012-ci ildə sarayın açılışı baş tutmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək görülmüş işlərlə tanış olmuşdur.

Muxtarov kimi həyat yoldaşı Liza xanım da xeyriyyə işlərində geri qalmırdı. Azərbaycanda 1911-ci il yanvarın 22-də Xədicə xanım Əlibəyova tərəfindən Bakıda yaradılan ilk qadın mətbuat orqanı "İşıq" qəzetinin üzvlərindən biri də Liza xanım Muxtarova olmuşdur. O, qadınların elmə yiyələnməsi və təhsil alması üçün qadın hüquqları uğrunda fəal mübarizə aparırdı. 1913-cü ildə təşkil edilmiş "Uşaq xəstəxanası" xeyriyyə cəmiyyətinin ən fəal üzvlərindən olan Liza xanım Bakıda məxsusi uşaq müalicəxanasının yaradılmasına yardım göstərmişdi. Onun maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz övladı olmadığından Liza xanım dəbdəbəli sarayında pansion yaratmışdı, yetim və yoxsul ailələrdə böyüyən qızlar burada təlim-tərbiyə alırdılar. "Murtuza Muxtarov" Səhmdar Cəmiyyəti idarə heyətinin üzvü olan Liza xanım "Nicat" Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə də dəstək verirdi.

Qala kəndində Murtuza Muxtarovun Qadın Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışladığı təxminən 2,5 hektarlıq torpaq sahəsinin cızılmış planı və sənədlər indiyədək qalır. Həmin ərazidə iki yetimxana tikilmişdi. Liza xanım 1914-cü ildə yaradılan Bakı Qadın Xeyriyyə Cəmiyyətinə başçılıq edirdi. O, bu cəmiyyətin sıralarında Rəhilə Qaziyeva, Sara Vəzirova, Pəri Topçubaşova və bir çox başqalarını birləşdirə bildi. Liza xanım eyni zamanda vərəmlə mübarizə üzrə Qafqaz Cəmiyyəti Bakı şöbəsinin idarə heyətinin üzvü idi. Cəmiyyətin bütün məsələləri onun evində müzakirə olunur, məhz onun təşəbbüsü ilə tez-tez mədəni tədbirlər həyata keçirilirdi. Bundan başqa, qız məktəbində tamaşalar təşkil edir, qızlara ana qayğısı ilə yanaşırdı.

Təəssüf ki, sevgi ilə təməli qoyulan bu evliliyə sonadək xoşbəxtlik qismət olmur. Qarşıdan isə 1920-ci ilin apreli gəlirdi. Belə ki, Bakının azərbaycanlılar yaşayan məhəllələrində törətdikləri qətllərdən, qarətlərdən sonra erməni bolşevik dəstələri Muxtarovların evinə çatırlar. Silahlı qəsbkarlar Muxtarovun evinin astanasında ondan binanı tərk etməyi, sovet hakimiyyətinə tabe olmağı tələb edirlər. Bunu eşidən neft maqnatı tüfəngini götürür, əvvəlcə iki bolşeviki, sonra isə özünü öldürür. Nəticədə bina XI ordunun qərargahına çevrilir.

Təəssüf ki, Liza xanımın taleyi də neft maqnatının taleyi kimi acı sonluqla bitdi. Liza xanımı bolşeviklər əvvəlcə öz evinin zirzəmisində yaşamağa məcbur edirlər. Tədqiqatçı Fuad Axundov yazır: "Sara xanım Aşurbəyli danışardı ki, o, anası İsmət xanımla birlikdə Liza xanıma baş çəkər, ona azacıq da olsa kömək edərmişlər. Lakin Bakıda qalmaq getdikcə çətinləşirdi. Təhlükədən yaxa qurtarıb mühacirət etmək məqsədi ilə bir türk diplomatı ilə saxta nikah bağlayan Liza xanım İstanbula gedir. Lakin burada da bəxti gətirmir. Belə ki, həmin şəxs Lizanın əlində olan və o zaman qadın üçün çox qiymətli hesab edilən yeganə əmlak kimi ona qalmış mücrünü alaraq səs-küylü küçədə gözdən itir və bir daha peyda olmur". Liza xanım Muxtarovanın sonrakı taleyi barədə çox az məlumat var. Bircə o məlumdur ki, Lizaya Türkiyədə fəaliyyət göstərən Azərbaycan diasporası kömək edib və o, 1956-cı ilədək İstanbulda yaşayıb. Başqa bir neft maqnatının Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva öz müsahibələrinin birində demişdi: "Keçmiş Bakı milyonçularından yalnız Muxtarov hörmətə layiqdir. O, kişi kimi yaşadı və kişi kimi də öldü". Belə bir xatirə qoymaqdan ötrü yaşamağa dəyərdi. İnsandan sonra yaşayan xoş xatirə isə heç də kiçik sərvət deyil.

Neft milyonçusu Murtuza Muxtarovdan xalqına miras qalan bu gözəl bağ hal-hazırda xalqın istifadəsindədir. Ümumi sahəsi 12 ha olan Dendrologiya bağı Abşeron yarımadasının şimal-şərq hissəsində, Xəzər dənizindən 3,2 km, şəhərin mərkəzindən 40 km məsafədə yerləşir. Ərazi dəniz səviyyəsindən 8,2 m hündürlükdə olub, ərazinin illik orta temperaturu təxminən 13-15°C-yə bərabər olur. Qış aylarında temperatur 8-8,2°C təşkil edir, isti yay günlərində rütubətlik 35-40%-dən aşağı, Abşeronda illik yağıntının miqdarı 120-270 mm-dir. Bu baxımdan Abşeron yarımadasının iqlimi quru subtropik, mülayim subtropik zonalarının iqliminə oxşardır. Mexaniki tərkibinə görə torpaq qələvi tərkibli olub (PH 8-9), boz gilli və qumsal torpaq tipinə aiddir. Torpaqların tərkibini 80-85 % əhəng təşkil edir. Dendrologiya bağının torpaq qatı əkin üçün yararlı olmayıb, 20-40 sm dərinlikdə əhəngli qayalıqlarla əhatə olunmuşdur. 1926-cı ildə M.Muxtarov bağa əkin üçün yararlı olan torpaq örtüyünü Lənkəran zonasından gətirmişdir. Göründüyü kimi, burada yaradılmış süni ekosistemdə laboratoriyalar tərəfindən aparılan tədqiqat işləri Abşeronun mühit amillərindən bir çox ekoloji problemlərin həllində hərtərəfli rol oynayır. Dendrologiya Bağının tarixini əks etdirən, inşası hələ də hansı əsrə aid olduğu məlum olmayan 4 ədəd yeraltı su kəhrizi təkcə bu bağ üçün deyil, həmçinin respublikamız üçün tarixi abidə sayılır. Quyuların diametri 8-13 m, orta dərinliyi isə 36 m təşkil edir. Bu quyuların 3 keçid xətti var. Burada Azərbaycan kino toplusunun gözəl incisi olan “Arşın mal alan” filminin 1-ci variantı, “Qorxma mən səninləyəm”, “Başsız atlı”, “Vəziri-xani-Lənkəran” kimi filmlər, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Hacı Zeynalabidin Tağıyevin həyatından bəhs edən “Himayədar” adlı dörd hissəli tarixi-bədii filmin bir hissəsi, eləcədə bir sıra musiqi klipləri çəkilib.

Ərazi XX əsrin əvvəlinə məxsus abidə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin sıyahısı"na 438. * №-li invertar kimi daxil edilmişdir.