Bu gün Azərbaycanda Qurban bayramıdır

Mərhəmət və paylaşma bayramı olan Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-a təsadüf edir.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. 
Bayramda adətən qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban əti bərabər hissələrə bölünməklə ehtiyac sahiblərinə paylanır. 

İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.
Qurban bayramınız mübarək!