Xəzər rayonunda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
İyunun 13-də Xəzər rayonunda Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qaydışına-15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Müstəqil Azərbaycana” adlı tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, RİH başçısı aparatının müavinləri, şöbə müdirləri, təhsil, səhiyyə, idarə-müəssisə rəhbərləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
YAP Xəzər Rayon Təşkilatının inzibati binasında keçirilən tədbiri RİH başçısı E.Salahov açıb.
E.Salahov bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.
“Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritmiş və bütün ömrünü doğma xalqına həsr etmişdir. Bu gün onun siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütövləşmiş Azərbaycanı dünyaya tanıtmış və dünyanın diqqətini ölkəmizə yönəltməyi bacarmışdır”-deyə, o, bildirib.
YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov Ulu öndər Heydər Əliyevin uğurlu siyasi kursundan söz açıb.
“Dendrologiya bağı” PHŞ-nin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxışında bildirib ki, fəaliyyəti dövründə bütün düşüncəsi və enerjisi ilə Azərbaycan xalqına xidmət etmiş Ulu Öndər 1993-cü ilin 15 iyununda xilaskar kimi Bakıya döndü və ölkəmizi siyasi xaosdan, pərakəndəlikdən xilas etdi, milli dövlətçiliyi qoruyub saxladı, gücləndirdi. S.Bağırova qeyd edib ki, ümumilli liderin əsasını qoyduğu, Azərbaycana misilsiz nailiyyətlər qazandırmış siyasi kurs bu gün də uğurla davam etdirilir.
YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxışlarında Ulu Öndər tərəfindən müstəqil Azərbaycana xidmətlərindən bəhs ediblər.
Tədbirdə həmçinin qonaqlara Qurtuluş Gününün ictimai, siyası və tarixi əhəmiyyətindən bəhs edən film nümayiş etdirilib.
Sonra Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub.