Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra

ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Ölkədə peşəkar ordu quruculuğunun əsası isə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu formalaşdırıldı.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksi yaradıldı, Silahlı Qüvvələr müasir silah və hərbi texnika ilə təchiz edildi.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı.

2023-cü il sentyabrın 19-da 23 saatdan bir qədər çox davam edən tədbirlər nəticəsində Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərə Allahdan rəhmət diləyir, qazilərə cansağlığı arzu edirik.

Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.
Bu çətin və şərəfli işdə göstərdikləri şücaətə görə, silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində uğurlar diləyirik.

Bayramınız mübarək!