“Dendrologiya Bağı” PHŞ-nin bir qrup əməkdaşı Lənkəran-Astara bölgəsində ezamiyyətdə olub
2025-ci ilin sentyabr ayının 4-5 tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) işçi qrupu Lənkəran-Astara bölgəsində ezamiyyətdə olub.
2 günlük ezamiyyə müddətində Lənkəran Elmi Regional Mərkəzində və Hirkan Milli Parkında elmi tədqiqatlar aparılıb. Əsas məqsəd ərazidə təbii və mədəni dendrofloranın tədqiqi, nadir növlərin populyasiyalarında baş verən dəyişikliklərin dendroxronoloji təhlili, herbari və toxum nümunələrinin toplanması, əldə edilmiş dekorativ, efir yağlı və təsərrüfat əhəmiyyətli sitrus bitkilərinin “Dendrologiya bağı” PHŞ-nin tədqiqat ərazilərində introduksiyasıdır.
Bitkilərin areallarının daralma səbəbləri müəyyən edilib, ƏMBMİ-nın (İUCN) 3.1 versiyasına əsasən təhlükə meyarları, bioloji xüsusiyyətləri, təbii ehtiyatının dəyişilmə səbəbləri üzrə tədqiqatlar aparılıb. Quercus castaneifolia C.A.Mey, Zelkova carpinifola K.Koch., Parrotia persica C.A.Mey., Crataegus monogyna Jacq., Alnus subcordata C.A.Mey., Aesculus hippocastanum L., Alnus glutinosa L. və s. ağac bitkilərindən herbari, Cynara scolymus L. növündən toxum nümunələri toplanılıb.
Mütəxəssislər tərəfindən Dendrologiya bağı bitki fondunun zənginləşdirilməsi məqsədi ilə Euphorbia amygdaloides, Thea Azerbaycan 2, Psidium guajava L., Passiflora L., Parrotia persica C.A.Mey.,, Pinus sibirica Du.Tour., Cercis chinensis Bunge., Buxus hyrcanum L. növlərinin yetkin fərdi Hirkan Milli Parkından əldə edilib və bağ ərazisində introduksiya olunub, tropik və subtropik iqlimlərdə becərilən, qiymətli meyvə bitkisi olan Psidium guajava L. (Adi quayava) üzərində tədqiqat işlərinə başlanılıb.
#dendrologiyabağı #merdekan #lenkeran #hirkan