“Dendrologiya bağı”nda müxtəlif bitki növlərinə aid toxumların yığım prosesi həyata keçirilib

Payız mövsümündə bitkilərin vegetasiya mərhələsinin tamamlanması ilə əlaqədar olaraq toxumların təbii şəkildə yetişməsi və toplanması üçün əlverişli şərait yaranır. 
Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) "Meşə ekosistemləri"  laboratoriyasının əməkdaşları tərəfindən Ceratonia siliqua L. (Buynuz ağacı), Caesalpinia gilliesii  (Sezalpiniya), Xanthoceras sorbifolium (Üçəzyarpaq çaqqalqozu), Colutea arborescens L. (Ağacvari şaqqıldaq) və s.  müxtəlif bitki növlərinə aid toxumların yığım prosesi həyata keçirilmişdir. 
Yığım işləri bitkilərin fenoloji vəziyyəti, hava şəraiti və toxumların tam yetişmə dərəcəsi nəzərə alınmaqla aparılmışdır. 
Toxum nümunələri sahə şəraitində seçilərək xüsusi tor və ya kağız kisələrdə toplanmış, hər nümunə müvafiq etiketlərlə qeyd olunmuşdur.  

Yığım prosesində əsas məqsəd yüksək cücərmə qabiliyyətinə malik sağlam və keyfiyyətli toxumların əldə olunması olmuşdur. 
Eyni zamanda, toplanan toxum nümunələri gələcəkdə aparılacaq bioloji və aqrotexniki tədqiqatlar üçün saxlanılmışdır.  
Ümumilikdə, payızda həyata keçirilən toxum yığımı elmi-tədqiqat və praktiki əkin işlərinin davamlılığı üçün əsas mərhələlərdən biri hesab olunur.