“Dendrologiya bağı” PHŞ-də Gənclər günü qeyd olunub, əməkdaşlar təltif edilib

2 fevral Gənclər günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsdə (PHŞ) ümumi yığıncaq keçirilib. “Dendrologiya bağı” PHŞ İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova müəssisədə çalışan bütün əməkdaşları təbrik edib.

O, qeyd edib ki, Azərbaycan Gəncləri Günü ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Fərmana əsasən elan olunub. Ulu Öndərin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərinin həllinə diqqət göstərdiyini vurğulayan S.Bağırova əsası Ulu öndər tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini vurğulayıb. “Ölkəmizdə yüksək səviyyəli kadrların hazırlanması Ulu öndərin hər zaman diqqətində olub.

Heydər Əliyevin hakimiyyəti dövründə xüsusi qabiliyyəti və intellekti ilə seçilən gənclər xaricdə təhsil almağa göndərilirdi. Ümummilli liderin əsasını qoyduğu gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qayğının nəticəsidir ki, son zamanlar gənc alimlərin də sayı artıb”.

Rəhbərlik etdiyi müəssisədə gənc kadrların, nüfuzlu layihələrdə iştirak edən bacarıqlı tədqiqatçıların artdığını qeyd edən S.Bağırova vurğulayıb ki, onların bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat işlərinə daha fəal cəlb olunması üçün gərəkən bütün addımlar atılır.

Yaradıcı gənclərin təşəbbüskarlığını, vətənpərvərliyini, elmi tədqiqatlarda bacarığını və ictimai işlərdə məsuliyyətli davranışını yüksək qiymətləndirən sədr müavini onları aktiv fəaliyyətə, çağdaş elmi trendləri izləməyə, müəssisənin və ölkənin inkişafına töhfələr verməyə səsləyib. “Bir daha sizi Gənclər günü münasibəti ilə təbrik edir, peşə və yaradıcı fəaliyyətinizdə və şəxsi həyatınzda bol-bol uğurlar arzu edirəm”-deyə, S.Bağırova bildirib.

Sonda müəssisənin elmi, ictimai həyatında səmərəli fəaliyyəti ilə fərqlənən gənc əməkdaşlara mükafatlar verilib, təşəkkürnamələr tədqim edilib.