“Dendrologiya Bağı” PHŞ-nin kollektivi ümumşəhər iməciliyinə qoşulub

Martın 9-da xalqımızın əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi  keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib.

Meriyanın çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak ediblər.

Yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib.

Bakı Şəhər kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında  əlavə təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi də təmizlik aksiyasına qoşulub. Xəzər rayon S.Yesenin küçəsində səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi tərəfindən iməcilik tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Şərhini yaz