“Tullantılar haqqında Qanun”un icra vəziyyətinə dair ictimai müzakirə keçirilib

Sentyabrın 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”nun icra vəziyyətinə dair ictimai müzakirə aparılıb.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Təmiz Şəhər” ASC, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmiləri, ölkədə fəaliyyət göstərən 40-dək QHT rəhbəri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vurğulayıb ki, uzun illər Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində törədilən ekosid narahatlıq doğurur. Son zamanlar vətəndaşlar tərəfindən həmin bölgələrdə təbiətin çirkləndirilməsi, tullantıların yerə atılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. İctimai qınağın vacibliyinə diqqət çəkən A.Əliyeva bu işdə QHT-lərin fəal olmasının önəminə toxunub.

Ekologiya və təbii sərvətlər nazirinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlandığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, sənədin icrası əvvəlcə Abşeronda, sonra isə mərhələli şəkildə digər yerlərdə həyata keçiriləcək.
Tədbirdə iştirak edən “Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşı, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli tullantıların idarə olunması ilə bağlı təkliflərini müvafiq qurumlara tədqim edib.

Tədbirdə Tullantılar haqqında Qanununa zəruri əlavə və dəyişikliklərin edilməsi, İşçi qrupunun yaradılması, təkliflərin hazırlanması ilə bağlı geniş müzakirələr aparılıb, QHT-lərin təklifləri dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Şərhini yaz