"Dendrologiya Bağı" publik hüquqi şəxsin yaşıllıq sahələrində “Bağ Məlhəmi” preparatı tətbiq edilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafına aid görülən işlərin əsas istiqamətlərindən biri də bağçılıq və meyvəçiliyin inkişafıdır.

Hal-hazırda bütün regionlarda köhnə meyvə bağlarının və parkların rekonstruksiyası ilə yanaşı, yeni intensiv bağçılıq təsərrüfatlarının və yaşıllaşdırma sahələrinin də yaradılması istiqamətində çox böyük işlər görülür.

Payız və yaz aylarında bağ və parklara qulluq zamanı geniş profilaktik budama işləri aparılır. Budama-ağac gövdəsi üzərində qurumuş və ya müəyyən şərtlər daxilində yaşıl budaqların kəsilərək forma verilməsidir.

Çoxbudaqlılıq oduncağın keyfiyyətini aşağı salır, boy və inkişafını zəiflədir. Yanlış zamanda aparılmış budama bitkilərə böyük ziyan vurur, müvafiq olaraq məhsul itkisinə və iqlim şəraiti ilə əlaqədar bəzi xəstəliklərin yaranmasına səbəb olur.

Son illərdə müşahidə edilən qlobal istiləşmə nəticəsində artan təbii kataklizmlər (güclü küləklər, qasırğalar) bu problemi daha da aktuallaşdırmaqdadır. Qırılma, çatlama və kəsik yerlərində ağac gövdəsinin bütövlüyünü təmin edən qoruyucu qabıq hissələri müxtəlif dərəcədə zədələnir ki, bu da öz növbəsində bitkinin ümumi qidalanma zəncirinin pozulmasına gətirib çıxarır.

Bəzi növlərin zədələnmiş hissələri tez bərpa olunduğu halda, digərlərində regenerasiya prosesi gec getdiyindən xərçəng, gövdə mantarı, gənə kimi infeksiyon xəstəliklər yarana bilər. Həmin zədəli yerlərə məlhəm tətbiq edilməsi vacibdir.

Diametri 2-2,5 sm-dən çox olmayan kiçik yaralar nisbətən tez sağalırsa, böyük yaralar müalicə və bağbanın diqqətini tələb edir.

Bu məqsədlə xarici, xüsusən də MDB ölkələrindən müxtəlif tərkibə malik vasitələr gətirilsə də, onların çoxu müasir tələblərə cavab vermir: bir qismi qışda yaxşı təsir göstərsə də, yayda istiyə qarşı davam gətirmir və əriyib gedir.

Bir qismi ağacları qurudur; bəziləri isə ümumiyyətlə heç bir müsbət təsir göstərmir.

Bu istiqamətdə  AR ETN Təcrübə Sənaye Zavodu MMC tərəfindən yerli xammal əsasında istehsal edilmiş “Bağ Məlhəmi” preparatı aktuallıq kəsb edir.

Ekologiya elmində və xüsusi olaraq da bağçılıq fəaliyyətində ağacların gövdə və budaqlarında təbii, antrapogen amillərin təsiri nəticəsində əmələ gələn zədələnmələrin reabilitasiyası istiqamətində aparılan tədqiqat işləri sistemləşdirilərək, xaricdə əldə edilmiş təcrübə əsasında təkmilləşdirilib, "Dendrologiya Bağı" PHŞ və AR ETN Təcrübə Sənaye Zavodu MMC-nin birgə tərəfdaşlığı ilə “Bağ Məlhəmi” layihəsi “Azərbaycan Elm Fondu” nun elan etdiyi “Əsas Qrant Müsabiqəsi-2022” qrantına təklif edilib.

Birgə fəaliyyətin nəticəsində yerli xammaldan istifadə olunmaqla istehsal edilən bağ məlhəminin tətbiqi nəticəsində ağacların qabıq və oduncaqlarında yarana bilən xəstəliklərin minimum həddə endirilməsi, vaxtından əvvəl qurumanın qarşısının alınması məqsədi ilə tədqiqatlar qoyulub. Bağ məlhəminin istehsalı və tətbiqi ilə meyvə bağlarının sağlam, uzunömürlü, məhsuldar olması və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına nail olmaq olar.

AR ETN Təcrübə Sənaye Zavodu MMC tərəfindən istehsal edilmiş “Bağ Məlhəmi” preparatı Dendrologiya Bağı ərazisində budama və calaqlarda istifadə edilib. Budama aparılan hələb şamı (Pinus hаlеpеnsis Mill.) və eldar şamlarının (P.eldarica Medw.) yara izləri məlhəmlə qapadılıb. Müəssisənin “Dendroxronologiya” laboratoriyasında aparılan tədqiqatlar zamanı ağacdan nümunələr götürülərkən yerlərinə bağ məlhəm çəkilib. Məlhəmin bitki üzərində təsirini aşkar etmək məqsədi ilə müşahidələr edilib, tədqiqatlar aparılıb.

Əldə edilən tədqiqi qrafiklər növlərdə inkişaf dinamikasında yüksəlmənin olduğunu göstərib. Budama prosesi, calaq və dendroxronoloji nümunələrin götürülməsi zamanı yaranan izlərin qapadılması üçün istifadə edilən “Bağ məlhəmi” preparatı zədələrin daha tez bərpasında və xəstəliktörədicilərdən mühafizədə mühüm rol oynayıb.

Şərhini yaz